Bayden administrasiyası müharibənin başlanğıcından bəri dəyişkən və qeyri-müəyyən bir münasibət nümayiş etdirdi, nə sülh danışıqlarına icazə verdi, nə də hərbi dəstəyi əhəmiyyətli dərəcədə artırdı. Hər nə qədər gözlənilməz insan olsa da, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın bu məsələ ilə bağlı daha aydın siyasi qərarlar verəcəyi ilə bağlı fikirlər üstünlük təşkil edir. İlk dövründə qazandığı təcrübələrlə Tramp administrasiyası münaqişənin sonuna doğru yeni balans üçün zəmin yaratmaq potensialına malikdir.
Putinin atəşkəs şərtləri: Diplomatiya yolu ilə qələbə axtarışı?
İyun ayında Putin Rusiyanın atəşkəs masasına oturmaq qərarını bir sıra şərtlərlə əlaqələndirmişdi. Bu şərtlər arasında Ukraynanın NATO-ya üzvlüyündən tamamilə imtina etməsi, neytral statusa keçməsi, Rusiyanın ilhaq etdiyi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən hərbi qoşunların tamamilə çıxarılması yer alırdı.
Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası birbaşa Ukraynanın ərazi bütövlüyünü hədəf alan bu şərtləri qəti şəkildə rədd edərək, onları “cəfəngiyyat” adlandırıb. Ukrayna ilə müttəfiq olan qərb ölkələri isə bu şərtləri Rusiyanın döyüş meydanında əldə edə bilmədiyi nailiyyətləri diplomatiya və məcburiyyət yolu ilə əldə etmək cəhdi kimi qiymətləndirirlər.
Putinin şərtləri sülh planı kimi təqdim edilsə də, Ukrayna üçün bu, ərazi itkilərini qəbul etmək və Qərblə əlaqələri kəsmək deməkdir. Bu vəziyyət təkcə Ukrayna üçün deyil, həm də Avropa İttifaqı (Aİ) siyasətində dönüş nöqtəsi yarada bilər. Qərb ittifaqı üçün bu şərtləri qəbul etmək Rusiyanın regional üstünlüyünü artırmaq strategiyasının uğuru demək olacaq. Bu səbəbdən də Putinin şərtlərini həll yolu deyil, Rusiyanın uzunmüddətli geosiyasi hədəflərini gücləndirmək üçün atılan addım kimi qiymətləndirmək olar.
Baydenin raket kartı və Trampın atəşkəs axtarışı
Baydenin bu yaxınlarda Ukraynaya Rusiya ərazisinə hücumlarda ATACMS raketlərindən istifadə etmək icazəsi müharibənin gedişatına dərindən təsir etdi və qarşıdurmaları alovlandırdı. Bu addımın Ukraynanı dəstəkləmək əzmi, yoxsa daha mürəkkəb problemi Tramp administrasiyasının öhdəsinə buraxmaq məqsədi olduğu müzakirə edilir. Raketlərdən istifadəyə icazə verilməsi Baydenin Ukrayna qarşısındakı strateji öhdəliklərinin nümayişi olsa da, bu, Tramp administrasiyası üçün sülh danışıqlarını pozan əlavə yük yarada bilər. Trampın vəzifəyə başlaması ilə müharibənin bitməsi ehtimalı həm də bu raket aktlarının sülh danışıqlarını nə dərəcədə pozacağından asılı olacaq.
Hərbi yardımla bağlı Trampın idarə heyətinin fərqli yanaşmaları diqqət çəkir. Milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd Maykl Valts sülh danışıqlarında üstünlük əldə etmək üçün Ukraynaya güclü dəstək verilməli olduğunu müdafiə edir. Dövlət katibi vəzifəsinə namizəd Marko Rubio isə daha ehtiyatlı mövqe nümayiş etdirir, maliyyə yardımına qarşı çıxır və deyir ki, Ukrayna müəyyən güzəştlərə getməli və sülh müqaviləsi imzalamalıdır. Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri hesab edilən İlon Mask “X”də keçirdiyi sorğuda Rusiyanın Krım üzərində nəzarətini tanıyan sülh planını müzakirəyə çıxarıb.
NATO arzusu və Trampın praqmatizmi
Ukraynanın NATO-ya üzvlük məqsədi az səslənsə də, gündəmdə qalır. Lakin Bayden dövründə həyata keçirilməyən bu məqsəd Trampın beynəlxalq münasibətlərdəki “öncə ABŞ” yanaşması, NATO-nu tənqid etməsi, müdafiə xərclərini artırmaq üçün müttəfiqlərə təzyiq göstərməsi nəzərə alındıqda daha da mürəkkəbləşə bilər. Trampın siyasəti NATO-nun büdcə yükünü üzv ölkələr arasında bölüşdürməyi hədəfləyərkən, Ukraynanın üzvlük prosesini daha da çətinləşdirir.
Tramp administrasiyasının mümkün müharibəni dayandırmaqda israrlı olması Zelenski administrasiyasına böyük təzyiq göstərəcək. Ukrayna xalqının müharibə haqqında təsəvvürü ölkənin müxtəlif bölgələrində fərqlidir. Xüsusilə şərq bölgələrində artan müharibə yorğunluğu və sülh tələbi Zelenski hökuməti üçün siyasi tarazlığın yaradılması zərurətini gündəmə gətirir. Rusiyanın hücumları nəticəsində ölkənin enerji infrastrukturunun böyük bir hissəsi yararsız hala düşüb.
Bu çatışmazlıqdan ötəri qış aylarının gətirəcəyi çətin şərtlər Ukrayna xalqının gündəlik həyatını çətinləşdirə və hökuməti dəstəkləməsinə də təsir edə bilər. Tramp administrasiyasının yanvarda vəzifəyə başlaması ilə Zelenski üçün qərar anı yaxınlaşacaq. Bu, təkcə Ukraynanın taleyini deyil, həm də öz siyasi gələcəyini müəyyən edəcək proses olacaq.
Sülh masasında siyasi şahmat
Trampın Ukrayna-Rusiya müharibəsinə son qoymaq strategiyası ABŞ-nin Əfqanıstandan çıxarılması zamanı yol verilən xaotik səhvlərin təkrarlanmasının qarşısını almaq üçün diqqətlə qurulmuş diplomatik plana əsaslanmalıdır. Əsas addım liderlərlə birbaşa danışıqlar aparmaq və sülh masasında tez həll üçün zəmin yaratmaq olacaq. Lakin bu prosesdə Rusiyanın təhlükəsizlik problemlərini nəzərə alaraq, Ukraynanın suveren hüquqlarının və beynəlxalq nüfuzunun qorunması kritik balans siyasəti tələb edir.
Trampın hərbi yardımla bağlı tutacağı yol bu strategiyanın müəyyənedici elementlərindən biridir. Yardımın tamamilə kəsilməsi həm Ukrayna, həm də dolayısı ilə ABŞ üçün mütləq məğlubiyyət kimi qiymətləndiriləcəyindən, tədricən azalma siyasətini qəbul etmək və onları danışıqlarda irəliləyişlə əlaqələndirmək ABŞ-nin maliyyə yükünü və mümkün siyasi itkilərini minimuma endirə bilər.
Rusiyaya qarşı sanksiyaların yenidən formalaşdırılması Trampın sülh strategiyasının digər mühüm sütununu təşkil edəcək. Sanksiyaların tədricən yumşaldılması danışıqlar prosesinə uyğunlaşarsa, Rusiyanı sülh prosesinə həvəsləndirə bilər. Lakin bu proses ABŞ üçün qlobal liderlik rolunu zəiflətmək kimi əhəmiyyətli risk daşıyır. Nəticə etibarilə sülh masasında atılacaq addımlar təkcə münaqişəyə son qoymur, həm də regional və qlobal güc balansını yenidən formalaşdırır.
Sevinc Əliyeva
Ordu.az